Şriftin ölçüsü :

Saytın rəngi :

"Qəbələ" futbol klubu

“Qəbələ” Peşəkar Futbol Klubunun əsası 1995-ci il iyulun 3-də qoyulub. Klubun ilk adı “Göy Göl” olub. Komanda 1995-ci ildən 2005-ci ilədək Xanlar rayonunu təmsil edib. 2005-ci il mayin 4-də klubun adı dəyişdirilərək “Gilan” qoyulub. 2005-2006-cı illər mövsümündə birinci dəstənin qalibi olan komanda Azərbaycan çempionatının yüksək liqasına vəsiqə qazanıb. 2006-cı ilin avqust ayinda – yüksək liqada debüt ərəfəsində “Gilan” Xanlar rayonundan Qəbələyə köçürülüb və həmin vaxtdan etibarən komanda Qəbələ şəhərini təmsil edir. 2007-ci il avqustun 31-də “Gilan” PFK adı “Qəbələ” PFK adı ilə dəyişdirilib. Hazırda “Qəbələ” Azərbaycan çempionatının nüfuzlu komandalarından birinə çevrilib.

Komanda Azərbaycan çempionatının altılıq formatında keçirilməsindən – 2009-2010 mövsümündən etibarən iki dəfə (2009-2010, 2011-2012) ilk altılıqda mübarizə aparıb. “Qəbələ”nin tarixi ərzində ən yaxşı nəticəsi çempionatı V yerdə tamamlaması olub.

“Qəbələ” Azərbaycan futbolunda etdiyi yeniliklərlə də tarixin yaddaşına düşüb. 2007-ci ildə Azərbaycanda ilk futbol akademiyasının təməlini qoyan klub bu addımı atmaqla ölkədəki istedadlı futbolçuları kəşf etmək, onların peşəkar futbolçu kimi yetişərək gələcəkdə Azərbaycan milli komandasının və “Qəbələ” Futbol Klubunun sıralarını möhkəmləndirmək missiyasını öz üzərinə götürüb. “Qəbələ” FK ölkədə klublar arasında ilk beynəlxalq futbol turnir keçirməklə daha bir yeniliyə imza atıb. 2011-ci il 30-31 iyul tarixlərində Qəbələdə baş tutan turnirdə Gürcüstan “Dila” və “Spartak”, Azərbaycan isə “Qəbələ” və “Kəpəz” komandaları ilə təmsil olunub. Maraqlı mübarizə şəraitində keçən birincilik qonşu ölkə təmsilçisi “Dila”nın çempionluğu ilə yekunlaşıb. 2012-ci 30 may – 4 iyun tarixlərində “Qəbələ” daha bir möhtəşəm layihə reallaşdırdı – 15 yaşa qədər futbolçular arasında I Qəbələ Kuboku turniri keçirildi. Elit kateqoriyaya daxil turnirdə “Vilyareal”, “Levante” (hər ikisi İspaniya), “Galatasaray” (Türkiyə), “Feyenord” (Hollandiya), “Bröndbü” (Danimarka), Serbiya Yığma Komandası, “Qarabağ” və “Qəbələ” komandaları birincilik uğrunda mübarizə apardılar. Ənənəvi olaraq keçiriləcək turnirin ilk qalibi Türkiyənin “Qalatasaray” klubu oldu.  Hazırda ölkə futbolunun inkişafı istiqamətində tutarlı işlər görən komandanın məqsədi gün keçdikcə gücünə güc qatmaq, medallar uğrunda mübarizə aparıb Azərbaycanı Avropa miqyaslı turnirlərdə təmsil etməkdir. “Qəbələ” Futbol Klubu Akademiyasının fəlsəfəsi akademiyaya daxil olan hər bir uşağa futbolun nəzəri və prakatik yönlərini öyrətməklə yanaşı, onlarda sağlam xarakter və düşüncə formalaşdıracaq xüsusiyyətlərin aşılanmasından ibarətdir. Bizim üçün Akademiya yalnız bina, meydança və futbol oyunundan ibarət deyil.  “Qəbələ” Futbol Klubu Akademiyasında hər futbolçuya istedadı, fiziki və psixoloji durumu ilə xarakteri nəzərə alınaraq fərdi yanaşılır. Onların akademiya sıralarından böyük futbola gedən yolda öz potensiallarını maksiuma çatdırıb güclü futbolçu və sağlam xarakterli fərdə çevrilmələri üçün hər birinin ehtiyacına görə proqramlar tətbiq olunur. Bu proqramlar “hər məşq, hər oyun bir müəllimdir” prisnipi ilə aparılır.Bu fəlsəfənin hakim olduğu “Qəbələ” Futbol Klubu Akademiyasının məqsədləri

-      “Qəbələ” Futbol Klubunun əsas heyətində çıxış edə biləcək futbolçular yetişdirmək,

-      Eyni zamanda futbolçuların klub ənənələrinə,peşəkarlığa və  komanda yoldaşları ilə rəqibə hörmət edəcək xarakterdə yetişməsini təmin etmək.

-      Hər bir futbolçunun fərdi inkişaf üçün nələrə ehtiyac duyduğunu müəyyən etmək üçün Akademiya, valideyn və məktəb  əməkdaşlığını təmin etməkdən ibarətdir.

 

 

 

Переходы