Şriftin ölçüsü :

Saytın rəngi :

Turizm

Turizm rayon iqtisadiyyatının əlverişli bir hissəsi olmaqla kiçik və orta sahibkarlıq üçün möhkəm baza yaradır. Rayonda turizmin inkişafı yeni iş yerlərinin açılmasına kömək edir, regionun infrastrukturunun formalaşdırılmasında mühüm rol oynayır.
Bütün bunlar son nəticədə 2008-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının və həmçinin yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramının əsas müddəalarının uğurla həyata keçirilməsinə əlverişli zəmin yaradır. Bu dövlət proqramlarının uğurla icra edilməsi nəticəsində rayonda yoxsulluğun səviyyəsi kəskin şəkildə aşağı düşmüş, işsizlərin sayı minimuma enmişdir. Həmçinin Qəbələdə istehsal sahəsinin planlı şəkildə inkişaf etdirilməsi də turizm sənayesinin inkişafı ilə bağlıdır.
Qəbələ rayonunda mövcud olan turizm obyektləri hər il nüfuzlu sərgilərdə, dünya səviyyəli ixtisaslaşdırılmış yarmarkalarda iştirak edir və bazarda özünün turizm məhsullarını nümayiş etdirir. Rayonun turizm sektorunda çalışan insanlar yaxşı bilirlər ki, xarici turistləri necə qarşılamaq lazımdır, onlar nəyi görmək, hansı adət-ənənələrlə tanış olmaq istəyirlər, milli mətbəximizin hansı nümunələrini daha çox xoşlayırlar, hansı servisə üstünlük verirlər. Bunun üçün otel və istirahət mərkəzlərinin sahibləri, orada müştərilərə xidmət göstərən şəxslər rayona gələn qonaqların şən və mənalı istirahətinin təmin olunması üçün bütün qüvvəsini səfərbər edirlər.
Rayonun təbii iqlim şəraiti də burada turizmin inkişafı üçün yeni perspektivlər açır. Relyefi müxtəlif olan Qəbələnin şimal hissəsi Böyük Qafqaz dağ silsiləsinin cənub yamacına, mərkəzi hissəsi Alazan-Həftəran vadisinə, cənub hissəsi isə Acınohur ön dağlığına daxildir. Təsadüfi deyildir ki, respublikanın ən yüksək dağ zirvəsi olan Bazardüzü (4466 metr) bu rayonun ərazisində yerləşir.
Qəbələnin iqlimi aşağı hissələrdə qışı quraq keçən mülayim isti, yüksək dağlıqda isə soyuq və rütubətlidir və illik yağıntı cənubda 500-600 millimetr, şimaldakı yüksək dağlıqda isə 1600 millimetrə qədər olur. Bu amillər rayonda yay və qış turizminin inkişaf etdirilməsi üçün imkanlar açır. Gözəl təbiət iş adamlarını buraya sərmayə yatırmağa cəlb edir. Rayonun səsli-küylü dağ çayları olan Dəmiraparançay, Türyançay, Tikanlıçay, Bum çay, Vəndam çay və digər kiçik çaylar, Mucux və Yeddi Gözəl şəlalələri, 60 min hektar ərazini əhatə edən fıstıq, palıd, vələs, ardıc, şabalıd meşələri, mineral və qeyri-mineral bulaqlar turistlərin ən çox üz tutduqları, görmək istədikləri yerlərdəndir.
Azərbaycanın ən gözəl məkanlarından biri olan Qəbələ həm də çoxlu sayda tarixi abidələri, maddi-mədəniyyət nümunələri ilə məşhurdur. Bu tarixi abidələr Qəbələnin tarixinin min illər bundan əvvəllərə gedib çıxdığını göstərir. Bu füsunkar yurd yerinin qədim tarixi, adət-ənənələri, xalq sənəti nümunələri çox zəngindir. Şanlı keçmişə malik və yüz illər boyu Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələnin hansı daşını tərpətsən, haraya ayaq bassan orada min illər bundan əvvəlki tariximizin izlərini görmək olar. Qəbələnin hər daşı, hər ağacı, hər qayası canlı bir tarix, ulularımızın bizə yadigar qoyub getdiyi əvəzsiz incilərdir.
Çuxur Qəbələ kəndində yerləşən qədim Qəbələ şəhərinin qalıqları, rayonun müxtəlif yerlərindəki daş kurqanlar (eramızdan əvvəl III-I minillik), Həzrə kəndindəki türbələr kompleksi (XIV-XV əsrlər), Nic qəsəbəsindəki nekropol (antik dövr), Heydər Əliyev muzeyi, tarix-diyarşünaslıq muzeyi, İ.B.Qutqaşınlının xatirə muzeyi, Şəhidlərin xatirəsi muzeyi turistlərin ən çox ziyarət etdiyi yerlərdəndir. Qeyd etmək lazımdır ki, Nazirlər Kabinetinin qərarı ilə rayonun 93 tarixi mədəni abidəsi dövlət mühafizəsinə götürülmüşdür. Onlardan biri, qədim Qəbələ şəhərinin qalıqları dünya əhəmiyyətli arxeoloji abidələr siyahısına aiddir. Səkkiz memarlıq, 53 arxeoloji abidə isə ölkə, digərləri isə yerli əhəmiyyətlidir.
Rayonda turizm sektorunun inkişafı üçün ixtisaslı kadrlar hazırlayan Qəbələ Rayon Turizm və Otelçilik üzrə Peşə Tədrisi Mərkəzi respublikamızın müxtəlif bölgələrindəki turizm obyektlərinin də kadrla təmin edilməsi istiqamətində uğurla fəaliyyət göstərir. Tədris mərkəzində mehmanxana inzibatçısı, mühasib-fərdi kompyuter, barmen-bufetçi-ofisiant, aşpaz qənnadçı ixtisası üzrə kadrlar hazırlanır.
Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün ölkəmizin bütün bölgələri o cümlədən Qəbələ sürətlə inkişaf edir. Rayonun sosial-iqtisadi inkişafı və zəngin turizm potensialı yaxın illərdə Qəbələnin dünyanın məşhur turizm mərkəzlərindən birinə çevriləcəyinə zəmin yaradır. Təsadüfü deyildir ki, Prezident İlham Əliyev Qəbələ rayonuna səfərləri zamanı yeni beşulduzlu otel və istirahət mərkəzlərinin açılışında iştirak edir, turizmin daha da inkişafı üçün dəyərli tövsiyələrini verir. Bu qayğıdan ruhlanan iş adamları dünyanın daha müasir turizm xidmətlərini rayonda tətbiq etmək və turistləri heyrətləndirmək üçün yeni otel və istirahət mərkəzlərinin inşasını həyata keçirirlər.
Qəbələnin son illər bir sıra beynəlxalq mədəni-kütləvi tədbirlərə ev sahibliyi etməsi də bu rayona işgüzar səfərə və istirahətə gələnlərin sayını dəfələrlə artırmışdır. Artıq ənənə halını almış və hər ilin yay aylarında keçirilən Qəbələ Beynəlxalq musiqi festivalında dünyanın 20-yə yaxın ölkəsindən dünya şöhrətli musiqiçilər iştirak edirlər. Festivalda səsləndirilən klassik musiqiləri canlı dinləmək üçün yüzlərlə yerli və xarici musiqi həvəskarları Qəbələyə təşrif buyururlar. Qonaqlar musiqi bayramında iştirak etməklə yanaşı, rayonun müasir turizm obyektlərində dincəlir, tarixi abidələri ilə tanış olur, əsrarəngiz təbiətini seyr edirlər. Hər il iyunun 15-də Qəbələ rayonunda turizm mövsümünə rəsmən start verilsə də, artıq mayın ortalarından başlayaraq turistlərin bu əraziyə intensiv axını müşahidə olunur.
Rayonun ekzotik təbiəti ilə təmasda olmaq, möcüzəli Azərbaycan mətbəxinin nemətlərindən dadmaq və mənalı istirahət etmək üçün Qəbələyə gələn yerli və xarici turistlərin sayı ildən-ilə artır. Bu gün Qəbələdə irili-xırdalı 100-dən artıq turizm obyekti fəaliyyət göstərir. Son illər ərzində Qəbələdə müasir turizm obyektlərinin sayı 5 dəfə artaraq 18-ə çatmışdır. Gün ərzində bu obyektlərdə ümumilikdə 2500-ə yaxın qonağa milli, türk və Avropa yeməklərinin daxil olduğu restoran xidmətləri və müasir otelçilik, meşə gəzintisi, atla gəzinti, balıq ovu, göldə qayıqla gəzinti, rayonun görməli yerlərinə və tarixi abidələrinə səyahət xidmətləri göstərilə bilir. Bundan əlavə, turistlər “Qəbələnd” istirahət və əyləncə mərkəzinin, otellərin nəzdindəki fitnes sağlamlıq mərkəzlərinin, sauna, masaj salonu, türk hamamı və diskotekaların xidmətlərindən də bəhrələnirlər.
Bu diyarın uca dağları, yaşıl meşələri, təmiz havası, çayları, gölləri, şəlalələri, mənzərəli yerləri insana “gəl-gəl” deyir. Rayonun müxtəlif ərazilərində həmin obyektlərin reklam lövhələri qoyulur, xidmət növləri və qiymətləri əks etdirən bukletlər çap olunaraq paylanılır, turizm şirkətlərinin, jurnalistlərin iştirakı ilə Qəbələyə infoturlar təşkil edilir.
Rayonda turizmin inkişaf dinamikasına nəzərə salsaq görərik ki, bu yerlərə turist axını yüksələn templə davam edir. Onların arasında mədəniyyətimizlə, tarixi abidələrimizlə maraqlananların sayının çox olması sevindirici haldır. Nadir təbii iqlim şəraiti, mineral bulaqları, lacivərd landşaftı ilə seçilən, tarixi İpək Yolunun üstündə yerləşən, qədim Qafqaz Albaniyasının paytaxtı olan Qəbələ şəhərinin qalıqları ilə şöhrət tapmış rayonda həm də böyük turizm imkanlarından bacarıqla istifadə edilməsi özəl sektorda turizm-istirahət komplekslərinin sayının sürətlə artmasına səbəb olmuşdur. Xüsusilə beşulduzlu “Qafqaz Resort”, “Qafqaz Riverside”, “Qafqaz Sport”, "Qafqaz Karvansaray" hotelləri, “Qəbələnd” istirahət və əyləncə mərkəzi, “Sərin meşə”, “Duyma”, “Karvan”, “Yeddi gözəl”, “Sahil”, “Selbasar”, “Ay işığı”, “Yengicə”, “Xanlar”, “Çənlibel”, “Soyuq bulaq”, “Gilan”, “Qəbələ”, otel və istirahət mərkəzləri son illərdə inşa edilən turizm obyektlərindəndir və burada qonaqların mənalı, xoş istirahəti üçün hər cür şərait yaradılmışdır. Qafqaz brendi altında fəaliyyət göstərən beşulduzlu otellər xidmətin səviyyəsinə görə ölkənin ən qabaqcıl otelləri sırasındadır.
Qəbələdə qış turizminin inkişafı üçün layihə həyata keçirilir. Dağlarda xizək sürmək və digər qış idman növləri ilə məşğul olmaq üçün istirahət və əyləncə obyektləri tikilir.
Bu gün qədim Qəbələ özünün ikinci gənclik dövrünü yaşayır və tədricən keçmiş şöhrətini özünə qaytarmaqdadır. Bunu hər il Qəbələdə keçirilən beynəlxalq səviyyəli tədbirlər də bir daha təsdiq edir. Bir sözlə, son illərdə Qəbələ sürətlə inkişaf edərək Azərbaycanın ən gözəl turizm şəhərlərindən birinə çevrilmişdir.
Bir sözlə, turizm sahəsində rayonun müsbət imici formalaşmaqdadır. Son illərin statistikası və marketinq araşdırmaları bunu deməyə əsas verir ki, bu il öz məzuniyyətini Qəbələdə keçirmək və rayonla daha yaxından tanış olmaq istəyən xarici qonaqların sayı əvvəlki illərdəkindən xeyli çox olacaqdır. Onlardan bir çoxu yerli mədəniyyətlə tanış olmaq, digərləri isə Qəbələnin ekzotik təbiəti ilə təmasda olmaq, həmçinin Şərq qonaqpərvərliyinin şahidi olaraq möcüzəli Azərbaycan mətbəxinin sürprizlərindən dadmaq, digərləri isə öz dostlarından və yaxınlarından Qəbələ barəsində eşitdikləri ən xoş duyğuları yaşamaq və təsdiqləmək üçün bu gözəl məkana gəlməyə can atırlar.

Переходы