Qəbələ şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində Qəbələ rayonunda bir sıra mühüm tədbirlər həyata keçirilmiş, sənaye məhsulunun həcmi 40,2 dəfə, əsas kapitala yönəldilmiş vəsait 92,1 dəfə, o cümlədən tikinti quraşdırma işləri 99,2 dəfə artmış, mühüm infrastruktur layihələri yerinə yetirilmiş, Beynəlxalq Hava Limanı, Müalicə Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi, Heydər Əliyev Konqres Mərkəzi, Mədəniyyət Mərkəzi, “ASAN xidmət” mərkəzi inşa edilmiş, müasir turizm və mədəniyyət obyektləri istifadəyə verilmiş, 45 ümumtəhsil müəssisəsində təmir-tikinti işləri aparılmışdır. Bundan başqa, şəhərin su təchizatı sistemi, 110/35/10 kV-luq 2X40 MVA gücündə “Qəbələ” yarımstansiyası yenidən qurulmuş, Qəbələ Dekorativ Qızılgüllər İstixanası, xalçaçılıq və digər iri istehsal və emal müəssisələri yaradılmış, 16 mindən çox yeni iş yeri açılmış, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Qəbələ şəhərində istismar müddəti başa çatmış 3 ikimərtəbəli binanın sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə qərara alıram:
1. Qəbələ şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qəbələ Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 oktyabr 2019-cu il.
Qəbələ rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. İyirmi min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpünün tikintisi və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolunun bərpası üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən körpünün tikintisi və avtomobil yolunun bərpası işlərinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 oktyabr 2019-cu il.
Qəbələ rayonunun Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Yeddi min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 5,2 milyon (beş milyon iki yüz min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2016-cı il.
Qəbələ rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla həyata keçirilməsi nəticəsində Qəbələ rayonunun sosial-iqtisadi inkişafında köklü dəyişikliklər baş vermiş, mühüm infrastruktur layihələri yerinə yetirilmişdir. Ən müasir tələblərə cavab verən Beynəlxalq Hava Limanı, Müalicə Diaqnostika Mərkəzi, Heydər Əliyev Konqres Mərkəzi inşa edilmiş, Tarix Diyarşünaslıq Muzeyi əsaslı təmir olunmuş, sosial yönümlü, o cümlədən yeni turizm, mədəniyyət və təhsil obyektləri istifadəyə verilmiş, iri sənaye müəssisələri yaradılmış, 13 mindən çox yeni iş yeri açılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.
Qəbələ şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Qəbələ rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Qəbələ Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 sentyabr 2014-cü il.
Qəbələ rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində Qəbələ rayonunda əsaslı dəyişikliklər baş vermiş, müasir hava limanı, Olimpiya İdman Kompleksi, Müalicə-Diaqnostika Mərkəzi və digər sosial yönümlü obyektlər inşa edilmiş, iri turizm obyektləri istifadəyə verilmiş, emal və istehsal müəssisələri yaradılmış, geniş abadlıq-quruculuq işləri həyata keçirilmişdir.
Qəbələ şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Qəbələ rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Qəbələ Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 avqust 2013-cü il.
Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Son illərdə Azərbaycan Respublikasında torpaqlardan istifadənin səmərəliliyinin artırılması və əkinə yararlı torpaqların genişləndirilməsi məqsədi ilə əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, o cümlədən əhalinin içməli suya olan tələbatının ödənilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir.
Hazırda tikilməkdə olan Taxtakörpü və Şəmkirçay su anbarlarının istismara verilməsi nəticəsində daha 200 min hektar torpaq sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq, 50 min hektardan artıq torpaqların isə əkin dövriyyəsinə daxil edilməsi mümkün olacaqdır.
Təkcə 2005-2012-ci illərdə respublikanın 34 şəhər və rayonunun 407 yaşayış məntəqəsində 721 ədəd subartezian quyusu qazılmış, habelə 400 min nəfər əhalinin yaşadığı 221 kənddə sakinləri ekoloji təmiz içməli su ilə təmin etmək məqsədi ilə modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır.
Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Əhalisi 310 min nəfərdən çox olan Respublikanın 29 rayonunun 104 yaşayış məntəqəsində (Siyahı əlavə olunur) əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün cari ildə subartezian quyularının layihələndirilməsi və qazılması məqsədi ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 6,0 (altı) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 may 2013-cü il.
2013-cü ildə əlavə qazılması nəzərdə tutulan
subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair
Siyahı
Sıra |
Rayonun adı |
Quyuların sayı |
Yaşayış məntəqələrinin adları |
|
1 |
Ağcabədi |
8 |
Hindarx qəsəbəsi İmamqulubəyli kəndi Kəhrizli kəndi Sarıcalı kəndi Muğanlı kəndi Şahsevən kəndi Göyük kəndi Yuxarı Qiyaməddinli kəndi |
|
2 |
Ağdam |
8 |
Quzanlı qəsəbəsi İsalar kəndi Hacıturalı kəndi Üçoğlan kəndi Zəngişalı kəndi Çəmənli kəndi Xındırıstan kəndi Rayonun inzibati ərazisinə aid olan “Ergi” ərazisi |
|
3 |
Ağstafa |
4 |
Yenigün kəndi Qırılı kəndi Dağ Kəsəmən kəndi Köçəsgər kəndi |
|
4 |
Ağsu |
2 |
Aratlı Curuğlu kəndi Navahı kəndi |
|
5 |
Balakən |
2 |
Qaysa kəndi İtitala kəndi |
|
6 |
Beyləqan |
3 |
Qəhrəmanlı qəsəbəsi Bolsulu qəsəbəsi Birinci Aşıqlı kəndi |
|
7 |
Bərdə |
9 |
Xanərəb kəndi Şirvanlı kəndi Yeni Daşkənd kəndi Şərəfli kəndi Piyadalar kəndi Soğanverdilər kəndi (2 quyu) Güloğlular kəndi Zümürxan kəndi |
|
8 |
Cəlilabad |
2 |
Privolnoye kəndi Üçtəpə kəndi |
|
9 |
Füzuli |
7 |
Horadiz şəhəri 2 nömrəli Qayıdış qəsəbəsi 9 nömrəli Qayıdış qəsəbəsi Yuxarı Kürdmahmudlu kəndi Aşağı Kürdmahmudlu kəndi Qarabağ kəndi Alxanlı kəndi |
|
10 |
Gəncə |
2 |
şəhər ərazisi |
|
11 |
Goranboy |
2 |
Şıxlar kəndi Veyisli kəndi |
|
12 |
Göygöl |
2 |
Xaqani kəndi Bəhrambağ kəndi |
|
13 |
Xaçmaz |
2 |
Qımılqışlaq kəndi Nabran kəndi |
|
14 |
Xocavənd |
2 |
Rayonun inzibati ərazisinə aid olan "Nərgiztəpə" ərazisi |
|
15 |
İsmayıllı |
2 |
Qalınçaq kəndi Aşıqbayramlı kəndi |
|
16 |
Qax |
4 |
Qaradolaq kəndi Qarabaldır kəndi Çudulu kəndi Fıstıqlı kəndi |
|
17 |
Qazax |
4 |
Orta Salahlı kəndi Daş Salahlı kəndi Fərəhli kəndi Aslanbəyli kəndi |
|
18 |
Qəbələ |
2 |
Zərgərli kəndi Daşca kəndi |
|
19 |
Quba |
2 |
Hacıhüseynli kəndi Aşağı Xuc kəndi |
|
20 |
Qusar |
2 |
Langi kəndi Atlıxan kəndi |
|
21 |
Masallı |
2 |
Mahmudavar kəndi Köhnə Alvadı kəndi |
|
22 |
Oğuz |
2 |
Bayan kəndi Zərrab kəndi |
|
23 |
Samux |
6 |
Samux şəhəri Lək kəndi Qarabağlar kəndi Alıuşağı kəndi Zazalı kəndi Çobanabdallı kəndi |
|
24 |
Şəki |
4 |
Şəki şəhəri Qoxmuq Oxud Köndələn |
|
25 |
Şəmkir |
6 |
Çinarlı qəsəbəsi Düyərli kəndi Bayramlı kəndi Sabirkənd kəndi Sarıtəpə kəndi Abbaslı kəndi |
|
26 |
Tərtər |
5 |
Şıxarx kəndi Azad Qaraqoyunlu kəndi Qaynaq kəndi Qazyan kəndi Köçərli kəndi |
|
27 |
Tovuz |
5 |
Əlibəyli kəndi Düz Qırıqlı kəndi Alakol kəndi Aşağı Quşçu kəndi Əyyublu kəndi |
|
28 |
Yevlax |
2 |
Rüstəmli kəndi Qaramanlı kəndi |
|
29 |
Zaqatala |
4 |
Əliabad qəsəbəsi Muxax kəndi Çobankol kəndi Kebeloba kəndi |
|
|
CƏMİ:
|
107
|
104 |
Qəbələ rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Səkkiz min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Mirzəbəyli-Çuxur Qəbələ-Dizaxlı-Çarxana avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qəbələ Rayon İcra Hakimiyyətinə 4,9 (dörd milyon doqquz yüz min) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 mart 2013-cü il.
S.M.Abdullayevin Qəbələ rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı
Səbuhi Məhəmməd oğlu Abdullayev Qəbələ rayonu İcra hakimiyyətinin başçısı təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 mart 2010-cu il.