Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Prezident İlham Əliyevin Sumqayıta səfəri zamanı Azərbaycan Televiziyasına müsahibə vermişdir.

23 yanvar 2021 | 02:00

Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməlqoyma və “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılış mərasimlərindən sonra Azərbaycan Televiziyasına verdiyi müsahibəsində demişdir: “Sumqayıt hazırda nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir və müasir sənaye mərkəzidir. Eyni zamanda, son illər ərzində Sumqayıtda yaradılmış bütün müəssisələr ən yüksək ekoloji standartlara cavab verir. Sumqayıt üçün bunun xüsusi əhəmiyyəti var.” Əvvəllər Sumqayıtın ekoloji fəlakət zonası olduğunu xatırladan dövlətimizin başçısı deyib: “Biz isə Sumqayıtı müasir sənaye mərkəzinə çevirərək, ilk növbədə, insanların sağlamlığını nəzərə almışıq. Bildiyiniz kimi, sovet vaxtında burada tikilmiş çoxsaylı müəssisələr istismar müddətini başa vurmuşdu, sıradan çıxmışdı və ekoloji vəziyyətə çox mənfi təsir göstərirdi. O müəssisələr söküldü və mənim göstərişimlə 10 il bundan əvvəl onların ərazisində 500 hektar sahəni əhatə edən Sumqayıt Kimya Sənaye Parkı yaradıldı. Son illər ərzində bu sənaye parkı o qədər böyüdü və genişləndi ki, artıq göstəriş verilib ki, əlavə torpaq sahələri tapılsın və bu istiqamətdə işlər aparılır. Bu müəssisənin təməlini 2017-ci ildə mən özüm şəxsən qoymuşam və şadam ki, artıq 100 milyon avro dəyərində bu böyük layihə həyata keçib ki, bu da vərəqə şüşələrin idxalından azad edəcək. Bu, o deməkdir ki, valyuta qalacaq ölkəmizdə, yerli istehsal canlanacaq, iş yeri yaradılacaq və iqtisadiyyatımızın şaxələndirilməsi təmin ediləcək”. Ölkəmiz hətta dünya bazarlarında neftin qiymətinin aşağı səviyyədə olduğu bir dövrdə də öz dayanıqlılığını qoruya bilmişdir. Çünki qeyri-neft sektoru uğurla inkişaf edib. Bütün dünya ölkələrində olduğu kimi bizdə də 2020-ci il iqtisadi tənəzzül ili olmuşdur. İnkişaf etmiş bəzi ölkələrdə bu, daha böyük rəqəmlərlə ölçülür. Ölkəmizdə aparılan islahatlar-Sənaye, kənd təsərrüfatı, qeyri-neft sektoru, ixrac imkanları, idxaldan asılılığın azaldılması - bütün bu amillər bu günkü yeni reallığı yaradıb. Ölkəmizdə kadr islahatları, struktur islahatları, iqtisadi islahatlar, sosial sahədə islahatlar aparılır. Bu gün dünyada Azərbaycan kimi inkişaf üçün bir çox amilləri özündə ehtiva edən ölkələrin sayı azdır. Siyasi sabitlik, xalq-iqtidar birliyi, əmin-amanlıq, coğrafi yerləşmə, infrastruktur, hazırlıqlı peşəkar kadrlar, ixrac bazarları, qonşu ölkələrlə yaxşı işgüzar münasibətlər, heç bir ölkə ilə problemin olmaması çox önəmlidir. Sumqayıta səfəri zamanı dövlət başçısı onu da qeyd etmişdir ki: “İndi mən ümid edirəm, müəyyən müddətdən sonra Ermənistan da deyəcək ki, onların da bizimlə heç bir problemi yoxdur. Çünki əsas məsələ bunda idi, onlar bizim torpağımızı işğal etmişdilər. Onlar bizə qarşı soyqırımı törədiblər. Onlar bizim şəhərlərimizi yerləbir ediblər. Biz, sadəcə olaraq, özümüzü müdafiə etmişik, lazımi səviyyədə müdafiə etmişik və işğalçıları torpaqlardan qovmuşuq”. Bundan sonra azad olunmuş torpaqlarda qurulacaq inkişaf modeli  bütün Azərbaycana  təsir edəcək, mövcud qüsurlar aradan qaldırılacaq və ölkəmizin uğurlu inkişafı təmin ediləcək.

Keçidlər