Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Azərbaycan tolerant, dünyəvi ölkədir və gələcəkdə də belə olmağa davam edəcək.

29 oktyabr 2020 | 08:00

24 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə vermiş və həmin müsahibədə sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı hərbi hücuma keçdiyini bildirmişdir. Bu hərbi hücumun ilk saatlarında mülki şəxslər və hərbi qulluqçular arasında qurbanlar olmuşdur. Bu, son üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi. Onlar Ermənistanla dövlət sərhədindən bir neçə kilometr məsafədə yerləşən strateji enerji infrastrukturu üzərində nəzarəti ələ keçirmək istəyirdilər. Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, həm də Avropanın enerji təhlükəsizliyi layihəsidir. Ermənistanın məqsədlərindən biri bu boru kəməri üzərində nəzarəti ələ keçirmək və Azərbaycanı, Avropa istehlakçılarını şantaj etmək idi. Bu hücumu etməklə Ermənistanın güddüyü siyasi məqsədlərə gəlincə, bunlar status-kvonun dəyişməz olaraq qalmasından, bu eskalasiyaya görə günahı Azərbaycanın üstünə atmaqdan, danışıqları tamamilə pozmaqdan, üçüncü ölkələri münaqişəyə cəlb etməkdən və münaqişəni beynəlmiləlləşdirməkdən ibarət idi. Lakin uğurlu əks hücum nəticəsində Ermənistan döyüş meydanında məğlub olur və onlar qaçmaq məcburiyyətində qalır. Bu, Azərbaycan Ordusunun yüksək səviyyəli bacarığını və potensialını nümayiş etdirir. Hər gün işğaldan azad olmuş  kənd və şəhərlər Azərbaycan ordusunu və xalqını daha da ruhlandırır. Artıq İranla 130 km-lik beynəlxalq sərhəd tam şəkildə Azərbaycan ordusunun nəzarətindədir. Buna görə Araz çayının o biri tərəfində olan qardaşlarımız üçün artıq heç bir narahatlıq olmayacaq. Rusiya, Fransa və Amerika Birləşmiş Ştatları ATƏT-in Minsk qrupu həmsədrləri kimi vasitəçiliyə davam edir və 28 ildir tərəflərə həll yolunu tapmağa kömək etməyə çalışırlar. Bu üç ölkə, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Onlar Azərbaycanın istinad etdiyi erməni qoşunlarının torpaqlarımızdan çıxarılmasını tələb edən qətnamələri qəbul etmiş, lakin işğal olunmuş əraziləri boşaltmaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmək üçün Ermənistana kifayət qədər beynəlxalq  təzyiq  göstərməyiblər. Son münaqişə baş verəndən sonra oktyabrın 10-u və 17-si  Moskvada hər iki ölkənin Xarici İşlər nazirləri tərəfindən humanitar atəşkəs elan olunmuşdur.  Lakin onlar atəşkəs müqaviləsindən bir neçə saat sonra, oktyabrın 10-da atəşkəsi kobud şəkildə pozaraq gecə vaxtı Gəncə şəhərinə ballistik raket atıblar. Oktyabrın 17-də növbəti atəşkəs qüvvəyə minəndən cəmi 2 dəqiqə sonra Ermənistan tərəfindən yenidən atəşkəs pozuldu, mülki şəxslər qətlə yetirildi. Ermənistanın hərbi hücumlarından sonra  Azərbaycan özünü müdafiə etməli və ədaləti güc yolu ilə qorumalı idi.  Ermənistan Fransa, Rusiya və ABŞ tərəfindən işlənib hazırlanmış və Azərbaycanın sadiq olduğu əsas prinsiplərə açıq şəkildə əməl etsə münaqişə dayanar və iki ölkə danışıqlar masasına qayıdar. Ermənistan hökuməti başa düşməlidir ki, status-kvo artıq mövcud deyil, təmas xətti artıq mövcud deyil. Azərbaycan ordusu yeni reallıq yaratdı və onlar bunu nəzərə almalıdırlar. Buna baxmayaraq Ermənistan höküməti öz terror əməllərindən əl çəkmir və dünya mediasına müxtəlif cür dezinformasiyalar yayaraq bu münaqişədə Azərbaycanı günahkar çıxarmaq niyyətindədir. Bu cür dezinformasiyalara cavab olaraq Prezident İlham Əliyev bildirmişdir: “Türkiyə əsla münaqişəyə cəlb edilməyib. Türkiyənin F-16 qırıcı təyyarələri ona görə Azərbaycandadır ki, toqquşmalar başlamazdan öncə onlar birgə hərbi təlimdə iştirak edirdilər və onlar yerdədilər, onlar səmada deyillər. Ermənistanın Su-25 təyyarəsi dağa çırpılmışdır və onlar bunu guya Türkiyə F-16 qırıcı təyyarəsi tərəfindən vurulduğu kimi qələmə verməyə çalışırdılar. Ümumiyyətlə Azərbaycan tərəfində heç bir əcnəbi döyüşçü yoxdur. Bu, dezinformasiyadır. Bu, müəyyən ölkələrin bəzi rəsmiləri tərəfindən yayılmışdır. Lakin bu vaxtadək, toqquşmalar başlayandan sonra iyirmi gündən çox bir müddətdə nə Fransadan, nə də Rusiyadan heç bir dəlil təqdim olunmamışdır. Heç bir sübut yoxdur, heç bir dəlil yoxdur. Digər bir məsələ ondan ibarətdir ki, Azərbaycana əcnəbilər lazım deyil, çünki Azərbaycanın 100 min nəfərdən ibarət nizami ordusu var, müasir avadanlığı var, 30 ildir ki, işğaldan əziyyət çəkən motivasiyalı insanları var. Hətta tam səfərbərlik belə elan edilməyib. Döyüşdə əlavə insan lazım olsa, daha artıq qüvvə çağırılar” Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hücumun ilk saatlarından Türkiyə Prezidenti və digər yüksək səviyyəli rəsmilər Azərbaycana və beynəlxalq hüququn norma və prinsiplərinə dəstək verirlər. Lakin bu sadəcə qardaş Türkiyənin Azərbaycan xalqına verdiyi mənəvi dəstəkdən ibarətdir. Türkiyə ilə münasibətlərin böyük tarixi və daha da parlaq gələcəyi var. Türkiyə əsla iki ölkə arasında baş verən hərbi münaqişəyə cəlb edilməyib. Azərbaycan döyüş meydanındakı uğurları müasir silahlarla, müasir avadanlıqlarla və ordusu ilə qazanmışdır.  Lakin siyasi həll yolu ilə bu prosesə cəlb edilmək üçün Türkiyənin Cənubi Qafqazın hər üç ölkəsi - Azərbaycan, Gürcüstan və Ermənistanla sərhədi olan dünyada yeganə ölkə kimi legitim  hüququ var.  Ermənistanla müharibə bitdikdən və siyasi nizamlama həyata keçirildikdən sonra əminəm ki, regionda sabitlik və əmin amanlığın təmin olunmasında Türkiyənin rolu çox mühüm olacaqdır.  Azərbaycan dünyəvi ölkədir. Konstitusiyaya əsasən din dövlətdən ayrıdır. Azərbaycanda yaşayan bütün digər millətlərin dinlərinə hörmət edilir. Azərbaycanda dini harmoniyanın ən yaxşı göstəricisi Roma Katolik Kilsəsinin başçısı, Zati-müqəddəsləri Papa Fransiskin sözləri ola bilər. Bir neçə il bundan əvvəl Bakıda olanda o, ictimaiyyət qarşısında bəyanatla çıxış edərək Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqdakı rolunu yüksək qiymətləndirib. Azərbaycanda müxtəlif dinlərin bütün nümayəndələri, o cümlədən ermənilər sülh və harmoniya şəraitində yaşayırlar. Bakının mərkəzində bərpa olunmuş və hökumət tərəfindən qorunan erməni kilsəsi var. Azərbaycan tolerant, dünyəvi ölkədir və gələcəkdə də belə olmağa davam edəcək. Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağı insanların ləyaqət və sülh içində, azərbaycanlı və erməni icmalarının yanaşı yaşaması şəraitində özünün çiçəklənən, təhlükəsiz ərazisi kimi görür. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Keçidlər