Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır.

23 sentyabr 2020 | 01:00

Erməni qəsbkarlarının Azərbaycanın tarixi torpaqlarına iddiası 200 ildən artıq bir dövrü əhatə edir. Bu zaman kəsiyində onlar çoxsaylı qırğınlar törətmış, vandal və barbar siyasətlərilə azərbaycan torpaqlarını işğal etmişlər. Yalnız Sovet İttifaqı rəhbərliyi dövründə Heydər Əliyev amili erməniləri uzun illər separatçı hərəkətlərini reallaşdırmağa imkan verməmişdir. Ancaq Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırıldıqdan iki həftə sonra ermənilər Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında iddia qaldırmağa imkan tapa bildi.  Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi. Azərbaycan xalqının cəlladı Qorbaçov və onun ermənilərdən ibarət yaxın ətrafı ölkəmizə qarşı nifrətlə yaşayırdı. Dağlıq Qarabağda xüsusi komitənin yaradılması və o komitəyə Qorbaçovun köməkçisi Arkadi Volskinin təyin edilməsi Qarabağın Azərbaycandan qoparılma planı idi. Volskinin vaxtında azərbaycanlılar o vaxt Dağlıq Qarabağın bəzi yerlərindən zorla çıxarılmış, ilk etnik təmizləmə siyasəti aparılmışdır. Bunun müqabilində Volski erməni lobbisi tərəfindən “mükafatlandırılmışdır”. Tarixi xidmətlərinə görə o, Rusiya Sahibkarlar İttifaqına rəhbər təyin edilmişdir. Tək Volski yox, o ozamankı Sovet hökuməti rəhbərliyi azərbaycan xalqına xəyanət etmişdir. Hərbiçi ermənilərin rəhbərlik etdiyi silahlı qüvvələr günahsız azərbaycan xalqının qanını tökmüş, qətliyan törətmiş, onlar öz doğma torpaqlarından qovulnuş, didərgin düşmüşlər.  Ermənistanın bugünkü rəhbərliyi ölkəni uçuruma aparır. Ermənistanın indiki rəhbərliyi məsuliyyətsizdir, addımlarının nəyə gətirib çıxara biləcəyini düzgün təhlil edə bilmir. Danışıqlar faktiki olaraq getmir. Azərbaycan imitasiya naminə danışıqlarda iştirak etmir. O demək deyil ki, biz danışıqlardan imtina edirik, ancaq o deməkdir ki, biz Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmirik. Bu görüntü naminə aparılan danışıqlarda iştirakımız o görüntünün mahiyyətinə uyğun olacaqdır. Erməni rəhbərliyinin cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir. Onlar bu məsuliyyəti dərk etmir. Halbuki Ermənistanda rasional düşüncəli insanlar, siyasətçilər var. O siyasətçilər özləri artıq bu məsələni qaldırırlar və Ermənistan ictimaiyyətinə öz fikirlərini çatdırırlar ki, Ermənistanın bugünkü rəhbərliyi Ermənistanı uçuruma aparır. Nəzərə alsaq ki, yeni hakimiyyət hakimiyyəti işğal etdikdən sonra çox ümidverici bəyanatlar verməyə başlamışdır ki, bu məsələni həll etmək istəyirlər, əvvəlki hakimiyyəti tənqid edirdi. Müəyyən müddət ərzində Minsk qrupunun həmsədrləri də ümidlərlə yaşayırdılar və gəlib gedəndə, görüşlər əsnasında ümidlərlə dolu fərziyyələr irəli sürürdülər. Ancaq keçən il Ermənistan baş nazirinin səsləndirdiyi cəfəng fikirlər danışıqlar prosesinə ciddi zərbə vurdu. “Qarabağ Ermənistandır” deməklə nəinki o yalanı bütün dünyaya yaydı və bu da davam edir, eyni zamanda, danışıqlar prosesini mənasız edir. Əgər o hesab edir ki, Qarabağ Ermənistandır, onda nə barədə danışmaq olar? Əgər o, belə hesab edir ki, Qarabağ Ermənistandır, - halbuki bütün dünya bu cəfəng fikri rədd edib, - onda hansı sülh müqaviləsindən söhbət gedə bilər. Yəni, bu, siyasi təxribat idi. Tarixi iyul hadisələri bütün dünyaya məlumdur. Azərbaycan hərbi qüvvələrinin şanlı qələbəsi onun mövqelərdə yerini möhkəmləndirdi. İndi də ermənilər o məğlubiyyəti qələbə kimi qələmə vermək istəyirlər. Əgər bu qələbədirsə, onda niyə erməni hakimiyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edir? Onlar yeni böyük müharibəyə hazırlaşırlar. Bizdə operativ kəşfiyyat məlumatı var. Biz bilirik ətrafımızda nələr baş verir. Bilirik və bilməliyik. Bizim xüsusi xidmət orqanları çox səmərəli işləyirlər. Ona görə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını, öz müttəfiqlərini bu işlərə cəlb etmək üçün zondaj aparılır. O da alınmadı. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı heç bir bəyanat da vermədi, bir şərh verdi. Ondan sonra gördülər ki, onların səyləri puça çıxdı və çəkildilər kənara. İndi yenə də əfsanələr uydururlar ki, onlar böyük qələbə qazanıblar. Amma reallıq bundan ibarətdir. Ermənistan siyasətinin əsas qayəsi özlərini alçaltmaqdır, özlərindən məzlum, yazıq xalq imici düzəltməkdir, ağlaşmaqdır və ondan-bundan nə isə imtiyaz, ianə, qrant, kömək qoparmaqdır. Müstəqillik Ermənistanda formal xarakter daşıyır. Sən necə müstəqil ölkəsən ki, öz qərarını qəbul edə bilmirsən. Necə müstəqil ölkəsən ki, səni idarə edən Sorosdur. Paşinyan Soros rejiminin məhsuludur. Bu gün Ermənistanda söz sahibi Sorosdur. Paşinyanın hakimiyyət komandasının tərcümeyi-halına baxaq: Hamısı ya Sorosdan, ya “Transperensy”dən, ya da ki, o biri insan hüquqları təşkilatlarındandır. Onlar bu gün Ermənistanda baş vermiş despotik hərəkətlərə göz yumurlar. Ermənistanda bir jurnalist aclıq edib həbsxanada ölüb, heç bir təşkilat məsələ qaldırmayıb. İndi Ermənistanda iki prezident məsuliyyətə cəlb edilib, cinayət işi açılıb, iki keçmiş prezident, sırf onların siyasi fəaliyyətlərinə görə, bunu hər kəs bilir, buna göz yumulur. Əsas müxalifət partiyasının liderinin deputat toxunulmazlığı götürülüb, buna heç bir reaksiya vermirlər. Avropa Şurası niyə susur? Ermənistan üzrə məruzəçilər niyə susurlar? “Freedom House”, “Human Rights Watch”,  “Amnesty International” niyə susur? Sorosa görə. Soros Ermənistanın başçısıdır. Soros həmin bu dırnaqarası hüquq müdafiəsi təşkilatlarının sponsorudur. Paşinyan deyir ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu, formatı dəyişdirmək cəhdidir və buna Azərbaycan heç vaxt razı ola bilməz. Minsk qrupunun həmsədrləri də Ermənistan tərəfinə bu kimi açıqlamaların ziyanlı olmasını bildirmişlər. Ermənistanın işğal edilmiş torpaqlarda məskunlaşdırma aparması bütün beynəlxalq konvensiyalara ziddir, qanunsuzdur, cinayətdir. Bunu Paşinyan rejimi şüurlu şəkildə edir. Azərbaycanı təxribata çəkirlər. Qədim tarixi şəhərimiz Şuşada qondarma rejimin dırnaqarası rəhbərinin guya andiçmə mərasiminin keçirilməsi növbəti təxribat, açıq təhqirdir. Düşmən tərəfinin hansısa komediya tipli təlimlər keçirilməsi açıq təxribatdır. İyul hadisələri açıq silahlı təxribatdır. Artıq Minsk qrupunun həmsədr ölkələrinin birinin yüksək vəzifəli rəsmisi açıq bildirib ki, atəşkəsi Ermənistan tərəfi pozub. İyul təxribatından sonra avqust tayında mülki vətəndaşlara qarşı terror aktları, hərbçilərimizə qarşı hərbi təxribat törətmək üçün diversiya qrupu göndərilib və o diversiya qrupunun başçısı tutulub. Məqsəd danışıqları pozmaq, ondan sonra Azərbaycanı ittiham etmək və status-kvonu dəyişməz saxlamaqdır. Ermənistan təcavüzkar dövlətdir. Ermənistan terrorizmə sponsorluq edən ölkədir. Ermənistan bizim üçün daim təhlükə mənbəyidir. Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan da beynəlxalq hüququ gözləməyəcək. Bizə qarşı ciddi təxribat törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq. Artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur. Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq. Azərbaycan Prezidenti mövcud problem, sual, narahatlıqlar haqqında xalqa və müttəfiqlərinə açıq mesajlar verir. Ermənistan və Gürcüstanda yaşayan, bir çox hallarda gürcü familiyaları altında gizlənən etnik ermənilər hər vəchlə çalışırlar ki, Gürcüstan-Azərbaycan əlaqələrinə zərbə vursunlar. Gürcüstanda keçən il baş vermiş bəzi təxribat xarakterli hadisələrin mənbəyi də dünya erməniliyidir. Onların əsas məqsədi Gürcüstan-Azərbaycan əlaqələrini pozmaqdır. Amma buna nail olmayacaqlar. Gürcüstanda yaşayan bəzi yerli ermənilər Ermənistan rəhbərliyinin təhriki ilə orada qızışdırıcı fəaliyyətlə məşğuldurlar. Onlar separatizmə meyil göstərirlər. Azərbaycan hər zaman Gürcüstanın yanında olub. Azərbaycan hər zaman Gürcüstanda inkişafın, rifahın, sabitliyin tərəfdarı olubdur. Ermənistan BMT və digər beynəlxalq təşkilatlarda həmişə Gürcüstanın əleyhinə səs verib. Ərazi bütövlüyü məsələlərində həmişə Gürcüstanın əleyhinə olub. Azərbaycan İslam həmrəyliyi işində həmişə çox fəal olub. Prezidentin xarici siyasət istiqamətləri ilə çıxışlarında əsas prioritetlərdən biri müsəlman ölkələri ilə əlaqələrdir. Azərbaycanı BMT-də ən çox dəstəkləyən ölkələr də müsəlman ölkələridir. İƏT Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə düzgün mövqe sərgiləyir. Müsəlman ölkələri bilməlidirlər ki, Ermənistan işğal edilmiş torpaqlarda müsəlman dini abidələrinə qarşı soyqırımı törədib. Dini tarixi abidələr dağıdılıb, müsəlman müqəddəsləri təhqir edilib. Hər bir müsəlman ölkəsinin rəsmi şəxsi erməni rəsmisinin Azərbaycan xalqının qanına batmış əlini sıxanda bu görüntüləri göz önünə gətirsin. Ermənistan İranla əlaqələrində həmişə riyakarcasına dostluq haqqında danışır. Belə də dostluq olar? Müsəlman məscidlərini dağıdırsan, sökürsən, orada inək, donuz saxlayırsan, təhqir edirsən, müsəlmanların heysiyyətinə toxunursan, sonra isə gəlib deyirsən ki, biz dost olaq? Ermənistanda islamofobiya dövlət siyasətidir. Onlar uşaqları müsəlmanlara qarşı nifrət ruhunda yetişdirirlər. Ermənistan uğursuz ölkədir. İqtisadiyyat çöküb, bazar məhdud, əhali azalır, hər hansı bir investisiya üçün cəlbedici deyil. Müsəlman ölkələrinin burda hansı marağı ola bilər? Tovuz hadisələrindən sonra onun birmənalı, açıq və kəskin açıqlamaları bizi çox məmnun etdi, Azərbaycan xalqını sevindirdi. Bir daha göstərdi ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, növbəti Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının təzahürü idi. Eyni zamanda, digər rəsmi şəxslər - Türkiyə Böyük Millət Məclisinin sədri, Türkiyənin Müdafiə naziri, Xarici İşlər naziri, bizim digər qardaşlarımız Azərbaycana dəfələrlə həmrəylik, dəstək nümayiş etdirmişlər. Bu, bir daha onu göstərir ki, Türkiyə ədalətin, haqqın, öz qardaşlarının tərəfindədir. Biz də həmişə Türkiyənin yanındayıq və bütün məsələlərdə, - bunu artıq Türkiyədə də bilirlər, Azərbaycanda da bilirlər, dünyada da bilirlər, - Türkiyənin yanında olacağıq, bir yerdə olacağıq. Bizim birliyimiz böyük sərvətimizdir. Türkiyə ilə bizi ortaq tarix, ortaq etnik köklər, din, dil, mədəniyyət birləşdirir. Bu, böyük sərvətdir. Biz bu sərvətin təməli üzərində möhkəm əlaqələr qurmuşuq, bütün sahələrdə - siyasi, iqtisadi, enerji, nəqliyyat, mədəniyyət, hərbi sahələrdə. Məhz buna görə son vaxtlar bizim aramızda ticarət dövriyyəsi sürətlə artır. Azərbaycan xarici ölkələr arasında ən çox investisiyanı Türkiyəyə qoyub, Türkiyə də ən çox xarici investisiyanı Azərbaycana qoyub və bu proses davam etdirilir. İnsanlar arasındakı əlaqələr ən yüksək səviyyədədir. Ona görə bu hadisələr bir daha bu reallıqları bütün dünyaya göstərdi. Onsuz da həm Türkiyədə, həm də Azərbaycanda biz bunu bilirdik. Hər il bizim əlaqələrimiz möhkəmlənir, hər il bu ikitərəfli formata əlavə mövzular daxil edilir. Bu gün elə bir sahə yoxdur ki, biz orada birgə işləməyək və bir-birimizə dəstək göstərməyək. Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan istiqamətindən İrəvana təqribən 70-80 kilometr məsafə var. Bunu onlar bilirlər, psixoloji stress keçirirlər, müxtəlif qapıları döyüb yardım istəyirlər. Azərbaycanın Türkiyə ilə sıx əlaqələri bundan sonra da “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edəcək. 1990-cı illərin əvvəllərində, o vaxt Azərbaycanda hakimiyyətdə olmuş insanların xəyanəti, satqınlığı nəticəsində biz Dağlıq Qarabağı müvəqqəti olaraq itirdik. Biz mütləq öz torpaqlarımıza qayıdacağıq. Bizim başqalarının torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik. Dağıdılmış bütün tarixi abidələri, evləri bərpa edəcəyik. Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Keçidlər